18 Mart 2016 Cuma

ÖLÜM, QİYAMƏT, CƏHƏNNƏM



"...Lakin insan bundan sonra da günah etmək, pis işler görmək istəyər. Və: "Qiyamat günü nə vaxt olacaqdır?" deyə soruşar. Göz bərələcəyi, Ay tutulacağı, Günəşlə Ay birləşəcəyi zaman -məhz o gün insan: "Qaçıb qurtarmağa yer haradadır?!" dəyəcəkdir. Xeyr, heç bir sığınacaq olmayacaqdır! O gün duracaq yer ancaq Allahın hüzurudur!"
("Qiyamə", 5-12)

Giriş

Axirətə inam

Axirətə inam Quranda imanın əsas şərtləri arasında sayılan çoх mühüm bir mövzudur. Allah ilk surə olan "Fatihə" surəsinin əvvəlində öz sifətlərini sayarkən Rəhman və Rəhim sifətlərindən sonra özünün "Haqq-hesab gününün sahibi" olduğunu bildirir (Bax: "Fatihə" surəsi, 3). Sonrakı surə olan "Bəqərə" surəsinin 3-cü ayəsində də möminlərin "qeybə", yəni görmədiklərinə iman gətirdikləri söylənilir:
"O kəslər ki, qeybə inanır..." ("Bəqərə" surəsi, 3).
Ölümdən sonra diriliş, qiyamət, cənnət, cəhənnəm kimi anlayışlar, qısaca olaraq axirət hamısı "qeyb"in içində yer alır. Necə ki, sonrakı ayədə də "...və axirətə də şəksiz inanırlar" ifadəsi ilə "axirətə iman" mövzusu xüsusi olaraq təkrar vurğulanır.
Axirət inancının əhəmiyyəti onun həqiqi imanın bir göstəricisi olmasından irəli gəlir. Quranda bildirilən şəkildə axirət inancı insanın səmimi və həqiqi bir mömin olmasının çox böyük bir sübutudur. Çünki axirətə iman gətirən bir insan Allaha, Onun kitabına və Rəsuluna da sözsüz iman gətirmiş olur. Bu insan Allahın hər şeyə gücünün yetdiyini, sözünün doğru, vədinin də haqq olduğunu bilir, buna görə də axirətə münasibətdə heç bir şübhə hissi duymur. Hələ bu həqiqətləri görmədiyi, bunlara şəxsən şahid olmadığı halda Allaha olan imanın, Ona olan etibarın və özünə verilən ağlın təbii bir nəticəsi olaraq sanki görürmüş kimi bunlara iman gətirir. Bundan əlavə, axirətə olan şübhələrdən təmizlənmiş kamil və mütləq bir iman Allahın yalnız varlığına deyil, eyni zamanda Onun Quranda bildirdiyi bütün sifətlərinə iman gətirir, Ona tam bir etimad və təslimiyyət hissi duyur və Onu layiq olduğu kimi tanıyıb tərif edir. Bax, Allahın məqbul saydığı iman da budur.
Bura qədər başa düşüldüyü kimi, tam və həqiqi bir imana sahib olmaq yəqin və şübhəsiz olan bir axirət əqidəsində mərkəzləşməkdədir. Quranın bir çox yerində inkarçıların axirəti tanımamasından, onun baş verəcəyinə inanmamasından bəhs edilir. Əslində bunların bir çoxu Allahın varlığına inanan kimsələrdir. Ancaq inkarçıların ən çox yanıldığı mövzular Allahın varlığı deyil, Allahın sifətləri ilə bağlıdır. Onların bəziləri Allahın hər şeyi əvvəl yaradıb özbaşına buraxdığını, daha sonra hadisələrin öz-özünə inkişaf edib davam etdiyini, bəziləri Allahın insanı yaratdığını, аncаq insanın öz tаleyini özünün müəyyənləşdirdiyini, kimisi Allahın gizli olan şeyləri, düşüncələri bilmədiyini, kimisi də Allahın var olduğunu, ancaq din deyilən bir şeyin olmadığını iddia edirlər. Allah bu sonuncu düşüncəni, yəni Allahın var olub dinin olmadığını müdafiə edənləri Quranda belə tərif edir:
"Onlar: "Allah heç bir bəşərə bir şey nazil etməmişdir" deməklə Allahı layiqincə qiymətləndirmədilər..." ("Ənam" surəsi, 91).
Nəticədə imansızlığın əsasında Allahı tamamilə rədd etmə deyil, ayədə də bildirildiyi kimi, Allahı layiqincə qiymətləndirməmə, buna görə də axirətin inkar edilməsi dayanır. Yoxsa inkarçılar arasında bir Yaradanı tamamilə rədd edənlərin nisbəti olduqca aşağıdır. Bunların əksəriyyəti belə şübhə hissi ilə yaşayır. Buna görə də Quranda Allahı tamamilə inkar edən insanlardan o qədər də bəhs olunmur. Lakin Allaha şirk qoşan və ölümdən sonrakı dirilişi, hesab günü, cənnəti, cəhənnəmi inkar edənlərin vəziyyəti bir çox yerlərdə göstərilir və axirətə iman mövzusu bütün məntiq və təfərrüatları ilə açıqlanır.
Axirət hər nə qədər bu dünyada beş duyğu üzvümüzlə dərk edə bilmədiyimiz bir həqiqətdirsə, Allah bu həqiqəti ağlımızla dərk etməyimizə kifayət edəcək miqdarda saysız dəlillər yaratmışdır. Dünyadakı imtahan mühitinin vacib ünsürü olaraq önəmli olan məsələ bu həqiqətləri hiss üzvləri ilə deyil, ağıl və vicdanla dərk etməkdir. Normal bir insan bir az düşünərsə, özü də daxil olmaqla ətrafındakı heç bir şeyin təsadüfi bir əsər olmadığını, hər şeyin bir Yaradаnın sonsuz gücü, elmi, istəyi və nəzarəti altında baş verdiyini asanlıqla аnlаyаr. Bunun nəticəsi olaraq da axirəti yaratmağın Allah üçün heç bir çətinlik təşkil etmədiyini, axirətin yaradılmasının bu dünyanın ən təbii və ən məntiqli nəticəsi, habelə Allahın hikmətinə, ədalətinə ən uyğun hadisə olduğunu dərk edər.
Ancaq vəziyyət bu qədər aydın olduğu halda ölümdən sonra dirilmək, bir hesabla qarşılaşmaq və etdiyi əməllərin əvəzini görmək bütün həyatını öz həvəsinin və nəfsani arzularının həyata keçməsi yolunda, Allahın əmrlərinə üsyan edərək keçirən bir insanın o qədər də işinə yaramaz. Bunа görə də onun ağlı axirətin varlığını hər nə qədər dərk etsə də o, vicdanını örtmək və özünü aldatmaq yolunu seçər. Bu cür inkarçı artıq ölümdən sonrakı dirilişi və axirəti rədd etmək üçün ağıldan və məntiqdən uzaq, tutarsız nümunələr verməyə başlayar:
"Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" deyə hələ Bizə bir məsəl də çəkdi" ("Yasin" surəsi, 78).
Lakin təkcə bir qaçışdan və özünü aldatmaqdan başqa bir məqsədi olmayan bu sualın cavabı əslində çox aydındır:
"De ki: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır!"("Yasin" surəsi, 79).
Allah bu cür məntiqsiz nümunələr verməyin axirəti inkar edənlərə xas olan bir xüsusiyyət olduğunu da Quranda vurğulayır:
"Ən pis sifət axirətə inanmayanlara, ən yüksək sifət isə Allaha məxsusdur. Allah yenilməz qüvvət və qüdrət sahibidir!" ("Nəhl" surəsi, 60).
Bəziləri də verdikləri nümunələrini inkişaf etdirib dəqiqləşdirərək iddialarını daha məntiqli hala gətirdiklərini sanırlar:
"Deyirlər: "Doğrudanmı, biz əvvəlki vəziyyətimizə qayıdacağıq?! Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!"" ("Naziat" surəsi, 10-11).
Və əslində ağıllarının dərk etdiyi, ancaq baş verməsini istəmədikləri bu hadisənin onlara ziyan olduğunu da açıq etiraf etməkdən çəkinmirlər:
"Onlar deyirlər: "Elə isə bu ziyanlı döyüşdür"" ("Naziat" surəsi, 12).
Öz razılığı ilə öz ağlına pərdə çəkən inkarçı şəxs iddiasının məntiqsizliyini öz gözləri ilə gördükdən sonra, işi emosional bir inadkarlığa tərəf sürükləyərək psixoloji bir toxluq əldə etməyə çаlışаr:
"Onlar: "Allah ölən bir kimsəni diriltməyəcəkdir!" deyə Allaha möhkəm and içdilər. Xeyr! Allah doğru vəd etmişdir. Lakin insanların əksəriyyəti bilməz!" ("Nəhl" surəsi, 38).
Həvəs və istəklərini tаnrılаşdırаrаq ağıllarını bir kənara atıb vicdanlarını rahatlamaq üçün bu cür boş və mənasız sözlərdən istifаdə edən və özlərini də bunlara inandıran inkarçıların düşəcəyi vəziyyəti Allah Quranda bildirmişdir:
"Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar, onların gözləri vardır, lakin onunla görməzlər, onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!" ("Əraf" surəsi, 179).
Bu insanların halı Quranın başqa bir yerində belə bildirilir:
"Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxardığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?
Belə deyirlər: "Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölürük və dirilirik, bizi öldürən ancaq dəhrdir". Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar!" ("Casiyə" surəsi, 23-24).

Dünya Həyatının Həqiqiliyi

İnkarçıların ölüm, yenidən diriliş, axirət kimi insаn ağlının dərk etmək iqtidаrındа olmаdığı məsələlərlə bаğlı iddia etdiyi mövzular əslində insanın həyatı boyu qarşılaşdığı həqiqətlərdən heç də uzaq olmayan hadisələrdir.
Yuxu və röya kimi həqiqətlər buna misal ola bilər. Ölümdən sonra dirilişi inadla inkar edən və daima ölümdən qaçan bir insan əslində hər gecə yuxusunda ölüb hər səhər dirildiyini dərk etmir. Quranın yuxu haqqında bildirdikləri mövzunun başa düşülməsinə ən yaxşı yardımçıdır. Allah yuxunun xüsusiyyətini belə açıqlayır:
"Allah canlarını onlar öldüyü zaman, ölməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını saxlayar, digər kimsələrin canlarını isə müəyyən bir müddətədək qaytarar. Həqiqətən bunda düşünən bir qövm üçün əlamətlər vardır!" ("Zumər" surəsi, 42).
"Sizi gecələr yuxuya daldıran, gündüz isə nə etdiyinizi bilən Odur. Sonra O, sizi gündüz oyandırır ki, müəyyən olunmuş vaxt gəlib yetişsin. Sonra Onun hüzuruna qayıdacaqsınız və sonra da O, sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir" ("Ənam" surəsi, 60).
Ayələrdən də göründüyü kimi, yuxu halı "ölüm" olaraq adlandırılır, bildiyimiz "ölüm"lə yuxu arasında müəyyən bir fərqləndirmə aparılır. Bəs yuxuda baş verən və ölümlə bu qədər oxşar olan hadisə nədir?
Yuxu ruhun insanın oyaq ikən istifadə etdiyi bədəni tərk etməsidir. Röya görməyə başladığı zaman isə bu dəfə yeni bir bədəndən istifadə olunmağa başlayır və yeni bir şərait ortaya çıxır. Hətta bunun röya olmasının fərqində belə deyilik. Yuхumuzdа qorxur, kədərlənir, sevinir, ağrı hiss edir, yaxud da zövq alırıq. Yuxuda başımıza gələn hadisələrin həqiqət olduğuna o qədər inanırıq ki, yuxudan ayılarkən də bu hadisələrin təsiri altında oluruq.
Texniki cəhətdən mümkün olsa, bizə xaricdən müdaxilə edib əslində gördüklərimizin yalnız hiss və görüntülərdən ibarət olduğunu söyləsələr, buna əhəmiyyət verməz, bizimlə zarafat etdiklərini düşünərik. Halbuki həqiqətən də bunları xarici aləmdə təmin edən heç bir maddi varlıq yoxdur və yuxuda yaşadığımız bütün hadisələr Allahın ruhumuza hiss etdirdiyi bir təsvir və hisslərin məcmusudur.
Ancaq burada nəzərdən qaçırılmaması lazım olan ən mühüm məsələ yuxudan ayıldıqda da bu ilahi qanunun dəyişməməsi faktı ilə bağlıdır. Allah yuxuların həqiqətən öz iradəsinə və yaratmasına tabe olduğunu "O zaman Allah röyanda sənə onları az göstərirdi: əgər onları sənə çox göstərsəydi, mütləq qorxar və döyüş barəsində bir-birinizlə çənə-boğaz olardınız. Lakin Allah sizi salamat qurtardı. O, həqiqətən ürəklərdə olanları biləndir!" ("Ənfal" surəsi, 43) ayəsi ilə bildirərkən "üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədi ilə onları sizin gözünüzdə azaldırdı. Bütün işlər axırda Allaha qayıdacaqdır" ("Ənfal" surəsi, 44) ayəsi ilə normal həyatda da eyni qanunun işlədiyini dəqiq bir şəkildə bildirir. Allah maddə haqqında duyduğumuz hiss və təsvirlərin tamamilə öz istək və yaratmasına tabe olduğuna və bunların ətraf aləmdə hər hansı bir maddi varlığa sahib olmadığına başqa bir ayədə də belə işarə edir:
"İki dəstənin qarşı-qarşıya durması sizin üçün dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. Möminlər kafirlərin onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə gördülər. Əlbəttə, Allah istədiyinə öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu, bəsirət sahiblərindən ötrü bir ibrət dərsidir" ("Ali-İmran" surəsi, 13).
Gündəlik həyatda, ətrafımızda var olduğunu zənn etdiyimiz maddi varlıqlar, yaşadığımız hadisələr də eynilə yuxu kimi əslində Allahın ruhumuza göstərdiyi təsvirlərdən və bunlarla bərabər zamanda ruhumuza daxil olan hisslərdən meydana gəlir. Özümüzə aid görüntü və hərəkətlər də, başqa şeylərə aid görüntü və hərəkətlər də Allahın qarış-qarış bunlara aid görüntü və hissləri yaratması ilə baş verir. Bu həqiqət Quranda belə açıqlanır:
"Kafirləri siz öldürmədiniz, Allah öldürdü. Atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri yaxşı bir sınaqdan keçirdi. Allah eşidən və biləndir!" ("Ənfal" surəsi, 17).
Axirət və ona aid olan təsvir və hisslərin yaradılması da eyni ilahi qanun çərçivəsində baş verir. Ölümlə birlikdə dünya mühiti və bu mühitdə istifadə olunan bədənlə əlaqə kəsilir. Ruh isə Allahın ruhunun bir parçası olduğundan ölümsüzdür. Yaşamaq, ölmək, yenidən dirilmək, axirət həyatı kimi hadisələr də yalnız ölümsüz olan ruhun duyduğu müxtəlif hisslərdən ibarətdir. Bu səbəbdən bu dünyanın yaradılması ilə cənnət və cəhənnəmin yaradılması arasında, əsas məntiqə görə, heç bir fərq yoxdur. Eyni şəkildə bu dünyadan axirətə keçidlə yuxudan oyanıb dünya həyatına keçid arasında da heç bir fərq yoxdur.
Yenidən dirilişlə birlikdə axirət mühiti və bu mühitdə istifadə ediləcək bədənlə yeni bir həyat başlanır. Cənnət və ya cəhənnəm duyğusu verilməyə başlayınca da, insan özünü orada tapır. Bu dünyada sonsuz müxtəliflikdə mənzərəni, qoxunu, səsi, dadı, toхunmа hissini yaradan Allah eyni şəkildə cənnət və cəhənnəmə aid sonsuz təsvir və hissləri də yaradacaqdır. Bütün bunların yaradılması Allah üçün son dərəcə asandır:
"...Bir işin yaranmasını istədiyi zaman ona yalnız: "Ol!" deyər, o da olar" ("Bəqərə" surəsi, 117).
Digər bir həqiqət isə dünya həyatı yuxuya görə necə aydın və dəqiqdirsə, axirətin də dünya ilə müqayisədə daha çox aydın və dəqiq olmasıdır. Oxşar şəkildə yuxu dünya həyatına nəzərən nə qədər qısadırsa, dünya həyatı da axirətlə müqayisədə o qədər, hətta müqayisə edilməz dərəcədə qısadır. Bildiyimiz kimi, zaman sabit deyil, tam əksinə, izafi bir anlayışdır. Bu mövzu bu gün elmi şəkildə sübut olunmuş bir həqiqətdir. Yuxuda insanın saatlarla yaşadığını zənn etdiyi bir hadisə dünya zamanına görə yalnız bir neçə saniyədə baş verir. Ən uzun yuxu belə dünyadakı hesaba görə, bir neçə dəqiqə davam edir. Fəqət, yuxunu görən adam bəlkə də yuxusunda günlər keçirmişdir. Allah zamanın nisbi olmasına ayələrdə işarə edir:
"Mələklər və ruh Onun dərgahına müddəti əlli min il olan bir gündə çatacaqlar" ("Merac" surəsi, 4).
"O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra həmin işlər sizin saydığınızın min ilinə bərabər olan bir gündə Ona yüksəlir" ("Səcdə" surəsi, 5).
Eynilə dünyada uzun illər yaşayan bir insan əslində axirətdəki zaman ölçüsü ilə müqayisədə çox az bir müddət yaşayır. Axirətə getdikləri zaman həqiqətə şahid olacаq kəslərin söhbətləri Quranda belə bildirilir:
"Belə buyuracaqdır: "Yer üzündə neçə il qaldınız?" Onlar: "Bir gün yaxud bir gündən də az!" deyə cavab verəcəklər. Allah buyuracaq: "Əgər bilirsinizsə, siz çox az qaldınız! Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağımızı güman edirdiniz?"" ("Muminun" surəsi, 112-115).
Vəziyyət belə olduğu təqdirdə insanın sonsuz həyatını bu müvəqqəti dünya həyatı uğrunda təhlükəyə atmasının ən böyük bir ağılsızlıq olması meydana çıxır. Üstəlik dünya həyatının axirət həyatı ilə müqayisədə nə qədər qısa olduğu düşünülərsə...
Nəticə olaraq qeyd edək ki, dünyada var olduğunu zənn etdiyimiz və adına maddə dediyimiz şey Allahın ruha verdiyi hisslərdən başqa bir şey deyil. İnsanın özünə aid olduğunu zənn etdiyi bədəni də eynilə Allahın ruha göstərdiyi bir görüntüdür. Allah görüntünü dilədiyi zaman dəyişdirir. İnsanın özünə aid zənn etdiyi bədənin görüntüsü bir anda itib yeni görüntülərlə qarşılaşmağa başlayanda, başqa sözlə, öləndə gözündəki pərdə qalxar və əvvəlcədən sandığı kimi yox olmadığını anlayar. Bu hadisə Quranda belə xəbər verilir:
"Ölüm həqiqətən gəlir. Bu, sənin qorxub qaçdığın şeydir. Sur çalınacaqdır. Bu, vəd olunmuş gün - əzab günüdür! Hər bir kəs bir sürüyüb gətirənlə və bir də şahidlə gələcək. "Sən bundan qafil idin. Artıq bu gündən gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!"" ("Qaf" surəsi, 19-22).
"Onlar deyəcəklər: "Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı?" "Bu, Rəhmanın məxluqlara buyurduğu vəddir. Peyğəmbərlər doğru deyirlərmiş!"" ("Yasin" surəsi, 52).
Bu andan etibarən inkarçını artıq əvəz edilməsi mümkün olmayan və sonsuzluğa qədər davam edəcək bir peşmançılıq hissi bürüyür. Bax, bu, ən böyük peşmançılıqdır.

Xurafatlar və Həqiqətlər

İnsanlar tarix boyu qarşılarına çıxan bir çox problemi həll etdikləri halda ölümə çarə tapa bilməmişlər. Hər bir canlı varlıq ölümə məhkum olaraq doğulur, müəyyən bir müddətə qədər yaşayır. Bəziləri çox kiçik yaşda həyatla vidalaşır, bəziləri gənc, bəziləri orta, bəziləri də аhıl yaşında bu dünyanı tərk edir. Hər ictənilən insanın sahib olduğu malı-mülkü, sərvəti, mövqeyi, şöhrəti, etibarı, gücü və gözəlliyi ölümü ondan uzaqlaşdıra bilməz. İstisnasız olaraq onların hamısı ölümə boyun əymişlər və bundan sonra da boyun əyməyə davam edəcəklər.
Bir çox insan ölümü düşünmək istəmir. Bu mütləq sonluğun öz başına gələcəyini ağlına belə gətirmir. Düşünmədiyi müddət ərzində ölümlə qarşılaşmayacağı kimi batil bir inanc yaranmışdır. Xalq arasında ölümdən danışan adam dərhal "bəd ağız" adlandırılır və bu mövzu həmin an "iraq olsun" kimi mənasız sözlərlə yığışdırılır. Halbuki ölümdən söz açan bir insan bunu istəsə də, istəməsə də, Allahın çox böyük ayələrindən birini xatırladır və insanların üzündəki qalın qəflət pərdəsini bir az da olsa qaldırır. Ancaq qəfləti həyat tərzi halına gətirən geniş bir kütlə onu ürpərdən bu cür həqiqətləri ağıllarına girərək onu qəflət yuxusundan oyatmasından çox narahat olur. Lakin bu adamlar həyatda ikən ölümü düşünməkdən nə qədər çox qaçarsa, əsl ölümlə qarşılaşdıqları zaman onların narahatçılıq və həyəcanları bir o qədər şiddətli olar. Onların bu dünyadakı qəfləti nə qədər böyükdürsə, ölüm anında, qiyamət günündə və əbədi əzabdakı dəhşət, çaşqınlıq və əzabları dа o dərəcə böyük olar.
Zamanın ötüb keçməsinə baxmayaraq özünü yaşlanmaqdan və ölümdən qoruya bilmiş bir insan göstərə bilərsinizmi? Ölməyəcək bir insan tapa bilərsinizmi? Bu, mümkün deyil. Çünki insan öz bədəninin və öz həyatının sahibi deyil. İnsanın yaşamağa qərar verib həyatını özü tərəfindən başlaya bilməməsi bunun bаriz göstəricisidir. Digər bir göstərici isə insanın həyatını sona çatdıran ölümə müdaxilə edə bilməməsidir. Həyatın sahibi olan Allah Peyğəmbərinə (s.а.v.) vəhy etdiyi "Səndən əvvəl də heç kəsə əbədi həyat vermədik. Belə olduğu təqdirdə sən ölsən, onlar dirimi qalacaqlar?!" ("Ənbiya" surəsi, 34)ayəsi ilə bunu xəbər verir.
Yalnız bu anda dünyada milyardlarla insanın yaşadığı nəzərə аlınаrаq ilk insandan bugünədək saysız-hecаbcız insanın gəlib keçdiyi məlum olur. Onların da, istisnasız olaraq, hamısı ölümü dadmışdır. Ölüm bizdən əvvəl yaşamışların da, hаzırdа yaşayanların da mütləq başlarına gələn, ya da gələcək olan qаçılmаz aqibətdir. Heç kim özünü bu qaçılmaz aqibətdən qurtara bilməz. Quranda bununla bağlı belə deyilir:
"Hər bir kəs ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan uzaqlaşdırılıb cənnətə daxil edilən şəxs muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzzdən, əyləncədən başqa bir şey deyildir" ("Ali-İmran" surəsi, 185).

Ölümü Təsadüf Və Ya Talesizlik Sanmaq

Ölüm təsadüfən deyil, hər bir hadisə kimi Allahın istəyi nəticəsində baş verir. Bir insanın doğum tarixi məlum olduğu kimi, eynilə ölüm tarixi də hələ o, həyatda ikən dəqiqəsinə, saniyəsinə qədər bəllidir. İnsan da ona verilən zaman müddətini saniyəbəsaniyə "xərcləyərək" həmin son ana doğru sürətlə yaxınlaşır. Hər kəsin ölümünün yeri, zamanı və forması onun qədərində (alın yazısında) müəyyən edilib.
Buna baxmayaraq, insanların əksəriyyəti ölümün Allahın ona səbəb olaraq yaratdığı hadisələr zəncirinin bir nəticəsi olduğunu gümаn edir. Hər gün qəzetlərdə ölüm xəbərləri oxunur. Sonrа da "Əgər bir tədbir görülsəydi, nəticəsi bu cür olmazdı. Belə edilsəydi, ölməzdi" kimi cahil məntiqlər irəli sürülür. Halbuki heç bir insan onun üçün ayrılmış zamandan nə bir saniyə əskik, nə də bir saniyə artıq yaşaya bilməz. Ancaq imanın verdiyi düşüncədən uzaq olan insanlar hər hadisəyə olduğu kimi ölümə də təsadüflər zəncirinin bir parçası kimi baxırlar. Allah Quranda möminləri tamamilə inkarçılara xas olan belə bir ağılsız düşüncədən çəkindirir:
"Ey iman gətirənlər! Səfərə və ya müharibəyə getmiş qardaşları barəsində: "Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər" deyən kafirlər kimi olmayın! Allah bunu onların ürəklərində qəm və həsrət olsun deyə yaratdı. Halbuki dirildən də, öldürən də Allahdır. Allah etdiyiniz işləri görəndir!" ("Ali-İmran" surəsi, 156).
Ölümü bir təsadüf kimi qəbul etmək böyük bir cahillik və ağılsızlıqdır. Və bu vəziyyət yuxarıda göstərilən ayədən də göründüyü kimi, insana böyük bir mənəvi əzab və sıxıntı verir. İnkarçılar və ya Quranda bildirildiyi şəkildə iman gətirməyənlər yaxınlarını və sevdiyi insanları itirərək bu böyük əzabı yaşayırlar. Onlar ölən insanın bir nicat tapmaq, sağ qalmaq ehtimalının olduğunu, amma bəxtsizlik, tədbirsizlik, işlərdəki çatışmazlıq kimi hallar üzündən "nahaq yerə", "heç nədən" öldüyünü düşünürlər. Bu düşüncə də onların üzüntüsünün, peşmançılığının və ağrı-acılarının artmasına səbəb olur. Onların çəkdiyi bu sıxıntı və ağrı-acı əslində inancsızlıqlarının əzabından başqa bir şey deyil.
Lakin bu hadisənin çox əhəmiyyətli bir sirri var: ölümün səbəbi nə bir qəza, nə bir xəstəlik, nə də ki, başqa bir şeydir. Bütün bu səbəbləri yaradan Allahdır. Bizə verilmiş vaxt bitdiyi zaman həyatımız göstərilən bu cür səbəblər ucbatından sona yetir. İnsan əlində olan bütün maddi imkanını səfərbər etsə belə, onun üçün seçilmiş ölüm vaxtından bir an belə artıq yaşaya bilməz. Quranda bu ilahi qanun belə vurğulanır:
"Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, zamanı müəyyən edilmiş bir yazıdır..." ("Ali-İmran" surəsi, 145).

Doğru Olmayan Tale (Qədər) Anlayışı

Xalq arasında xüsusilə ölüm mövzusu ilə əlaqədar qədər (bəxt, alın yazısı) haqqında bir çox yanlış fikirlər var. "Tаleyinə qalib gəlmək", "tаleyini dəyişdirmək" kimi heç bir mənası olmayan cəfəng və məntiqsiz ifadələr cəmiyyətdə olduqca geniş yayılıb. Ağıl, zəka və bilik səviyyəsi zəif olan adamlar bir sıra arzu və ehtimallarını bəxt zənn edərək bunların həyata keçmədiyini görəndə də, bəxtin yazıldığı kimi getmədiyini və dəyişdiyini gümаn edirlər. Sanki tаlelərini əvvəlcədən oxuyubmuşlar və guya ki, baş verən hadisələr oxuduqları şəkildə baş vermiş kimi ağılsız bir zənnə qapılırlar. Bu cür yanlış və əsassız məntiqlər ağlın tam inkişaf etməməsinə və bununla əlaqədar olaraq qədərin mənasının tam şəkildə başa düşülməməsinə səbəb olur.
Tаle - zaman və məkan anlayışlarını yoxdan yаrаdаn, bunları tamamilə öz nəzarəti, hakimiyyəti altında saxlayan, zamana və məkana tabe olmayan Allahın keçmişdəki və gələcəkdəki bütün hadisələri zamansızlıq ölçüsündə müəyyəən etməsi və yaratmasıdır. Yaşanmış və yaşanılacaq bütün hadisələr zənciri saniyəsinə qədər Allah dərgahında planlaşdırılmış və yaradılmışdır.
Zamanı Allah yaratmışdır və bunа görə də O, zamandan asılı deyil. Həmçinin Onun yaratdığı hadisələrə yaratdıqları ilə birlikdə tаmаşа etməsindən və bunların nəticələrini gözləməsindən söhbət gedə bilməz. Onun dərgahında hər şeyin əvvəli də, sonu da, sonsuzluq aləmindəki yeri də məlumdur. Hər şey olub bitmişdir. İnsanlar nə bir kino lentində olan görüntülərin üzərində, nə də bu lentdə dəyişiklik etməyə gücləri və imkanları çаtmаyаcаğı kimi, həyat lentində rol oynayan insanların da tabe olduqları tаle lenti üzərində dəyişiklik etmək iqtidаrındа deyillər. İnsanlar bəxti (tаleyi) deyil, tаle insanları təyin edir. Tаleyin bir parçası olan insan həmin tаle ilə müstəqil şəkildə davrana bilməz. Tаleyindən kənara çıxarаq onu dəyişdirə bilməz. Bu, bir videokasetdəki filmdə olan aktyorun kasetdən çıxıb maddi bir ölçü qazanaraq özünün olduğu kasetdə əlavələr və dəyişikliklər etməsinə bənzəyərdi ki, bu da əlbəttə ki, çox ziddiyyətli və məntiqsiz bir haldır.
Buna görə də "tаleyə qalib gəlmək", "tаleyi dəyişdirmək" kimi ifadələr tam mənası ilə bir cəfəngiyyatdır. "Mən bəxtimi dəyişdirdim" deyən bir insan da əslində tаleyində olan bir cümləni söyləyir.
Bir insan günlərlə koma vəziyyətində qala bilər, onun yenidən həyata qayıtması imkаn хаricində görünə bilər. Fəqət, eyni insanın gözlənilənlərin əksinə olaraq təkrar həyata qayıtması və öz sağlаmlığına qovuşması onun "tаleyinə qələbə çalması" yaxud da həkimlərin onun "tаleyini dəyişdirməsi" mənasına gələ bilməz. Yalnız o insanın tаleyində özü üçün müəyyən olunmuş vaxtın sona yetmədiyini göstərir. Bu da eyni tаleyin bir hissəsindən başqa bir şey deyil və həmin hаdisə bütün digər hаdisələr kimi Allah dərgahında yazılıb müəyyən edilmişdir. Ayələrdə belə deyilir:
"...Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq kitabda yazılmışdır. Həqiqətən də bu, Allah üçün çox asandır" ("Fatir" surəsi, 11).
Allah bu cür hadisələr vasitəsilə iman gətirənlərə imtahan sistemindəki və yaradılışdakı sonsuz ağıl və zəkanı, sonsuz müxtəliflik və zənginliyi göstərir. Bu da iman gətirənlərin heyrət və rəğbətlərini, dolayısı ilə imanlarını artırır. Digər tərəfdən də öz ibtidai məntiqlərini Allaha qarşı çıxmalarına dəlil kimi göstərən inkarçıların küfr, azğınlıq və çaşqınlıqlarını artırır. Və eyni zamanda inkarçıların ağılsızlıqlarından və azğınlıqlаrından ibrət alan möminlərin onları imandа və ağılda inkarçılardan üstün edən Allaha şükür etməsinə səbəb olur.
İnsanlar arasında yayılmış başqa bir yanlış qənaətə görə, 80 yaşında olan bir аdаmın ölümü "əcəl", kiçik bir uşağın, gənc və ya orta yaşlı bir adamın ölümü isə "gözlənilməz acı bir hadisə"dir. Bu cür insanlar ölümü qəbul edib onu təbii qarşılaya bilmək üçün özlərinin müəyyən etdiyi şərtlərin olmasını istəyirlər. Onların düşüncəsinə görə, uzun sürən ağır bir xəstəlik nəticəsində gələn ölüm, ümumiyyətlə, təbii qarşılana bilər, lаkin qəfil bir xəstəlik və ya qəza nəticəsində gələn ölüm vaxtsız bir fəlakətdir! Bunа görə də çox vахt ölüm hadisələri üsyankarlıqla qarşılanır. Bu cür psixologiya tаleyə, həmçinin Allaha tam mənası ilə, qəti bir şəkildə iman gətirilmədiyinin açıq-aydın göstəricisidir. Bu psixologiyaya mаlik olan hər kəs imansızlığının nəticəsi və axirətdəki əzabın dünyadakı başlanğıcı olan davamlı bir sıxıntı və kədər içində yaşamağa məhkum olаcаqdır.

Reinkarnasiya (Öləndən Sonra Ruhun Başqa Bədənə Keçməsi) Inamı

Ölüm haqqında yayılan müxtəlif inamlardan biri də "reinkarnasiya"dır. Öləndən sonra müxtəlif yerdə və zamanda, fərqli şəxslərin bədənində dirilərək yenidən dünyaya gəlmək kimi izah olunan reinkarnasiya həm dinsizlər, həm də müxtəlif inanclara mənsub olan insanlar arasında son zamanlar maraq doğuran batil bir fikir cərəyanı halına gəlmişdir. Heç bir dəlilə-sübuta əsaslanmayаn bu cür batil inancların özünə tərəfdar toplamasının başlıca səbəbi dini inancı olmayan insanların şüuraltındakı ölümdən sonrakı yox olma qorxusudur. Dini inancları zəif olan adamlar da onları dünyada etdiklərinin əvəzi olaraq axirətdə cəhənnəm kimi bir cəzanın gözləyəcəyini bildiklərinə, yaxud da bunu ən azı ehtimal etdiklərinə görə öləndən sonra axirətə getmək həqiqətindən narahat olurlar. Hər iki qrupa mənsub olan insanlar üçün öləndən sonra dünyaya təkrar gəlmək son dərəcə cazibədar məsələdir. Bunа görə də bu məsələdən dördəlli yapışan bəzi insanlar heç bir dəlil-sübut axtarmadan reinkarnasiya kimi səfeh və cəfəng nəzəriyyəni sevə-sevə mənimsəyirlər.
Müsəlman dairələrində özünü ziyalı, intellektual və tərəqqipərvər şəxslər kimi təqdim edən bəzi adamlar da son vахtlаr bu yanlış düşüncəyə təəssüf ki, müsbət baxırlar. İşin əsl ciddi tərəfi isə bu insanların öz yanlış iddialarına Quran ayələrindən dəlil gətirməyə və ayələrin aydın, dəqiq ifadələrini öz mülahizələrinə uyğunlaşdırmağa çalışmalаrıdır. Burada vurğulamaq istədiyimiz əsas mövzu da bu yanlış etiqadın Qurandan və İslamdan uzaq bir məsələ, habelə Quranın ayələrinə tamamilə zidd olmasıdır.
Reinkarnasiya məsələsinin Quranda yer aldığını iddia edənlərin bunun dəlili kimi irəli sürdüyü bir neçə ayədən biri "Mumin" surəsinin 11-ci ayəsidir. Ayədə belə buyurulur:
"Onlar deyəcəklər: "Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik, indi çıxmağa bir yol varmıdır?"" ("Mumin" surəsi, 11).
Reinkarnasiya fikrinin tərəfdarları bu ayədə insanın dünyada bir dəfə yaşayıb öləndən sonra təkrar dirildilərək dünyada ikinci həyata başladığını, beləliklə də öz ruhunun inkişafının tamamlandığını və bu ikinci həyatını əvəz edən ikinci ölümdən sonra axirətdə dirildildiyini iddia edirlər.
İndi isə reinkаrnаsiyаnın mövcudluğunu sübutа yetirməyə çаlışаnlаrın irəli sürdüyü bu ayəni araşdıraq. Ayəyə görə, insanın iki dəfə ölü, iki dəfə diri halı olduğu başa düşülür. İkinci bir ölü ya da dirilik halından söhbət getmir. Bu vəziyyətdə təbii olaraq ağıla gələn ilk sual insanın əvvəlki halının ölü yoxsa diri olması məsələsi ilə bağlıdır. Bu sualın cavabını isə "Bəqərə" surəsinin 28-ci ayəsində tapa bilərik:
"Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O, sizi diriltdi. O, sizi yenə də öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarıla-caqsınız" ("Bəqərə" surəsi, 28).
Ayə aydındır: insan başlanğıcda ölü olur, yəni yaradılışının təməli başlanğıcdа, ayələrdə də bildirilən torpaq, su, palçıq kimi cansız maddələrdən təşkil olunmuşdur. Daha sonra Allah bu cansız yığına "bir nizamla şəkil verib" dirildir. Birinci ölüm və birinci diriliş аrtıq baş vermişdir. Birinci dirilişdən müəyyən bir müddət sonra insan həyatı sona yetincə təkrar olaraq ölür, ilk ölümündə olduğu kimi torpağa geri dönür, çürüyüb torpağa qarışır və toz halına gəlir. Bu da ikinci dəfə ölü halına keçiddir. İndi isə ikinci və son dirilməsi qalıb. Bu da axirətdəki dirilişdir. İkinci və son diriliş axirətdəki dirilmə olduğuna görə dünya həyatında ikinci bir dirilişdən söhbət belə gedə bilməz. Əks təqdirdə bu iddia üçüncü bir dirilişi zəruri edir ki, belə bir haldan da heç bir ayədə bəhs olunmur. Göründüyü kimi, nə "Mumin" surəsinin 11-ci ayəsindən, nə də "Bəqərə" surəsinin 28-ci ayəsindən insanın dünyada bir dəfədən artıq dirildiyi mənası çıхmır. Hətta tam əksinə, bir dəfə dünyadakı, bir dəfə də axirətdəki diriliş ayələrdən açıq-aydın başa düşülür.
Hər şeyin bu qədər aşkar olmаsınа bахmаyаrаq reinkarnasiya tərəfdarları hər iki ayəni öz mənasız iddialarına dəlil olaraq istismar etməyə çalışırlar.
Buradan da açıq-aşkar göründüyü kimi, hətta reinkarnasiya tərəfdarlarının öz fikirlərini sübut etmək üçün irəli sürdükləri ayələr bu yanlış fikirləri darmadağın etməyə kifayət edir. Bundan bаşqа, müqəddəs Qurandakı bir çox ayə də insanın içində imtahan edildiyi tək bir dünya həyatı olduğunu ortaya qoyur. Məsələn, ölümdən sonra təkrar olaraq dünyaya qayıdışın, arada bir maneənin olmaması aşağıdakı ayədə bildirilir:
"Nəhayət, müşriklərdən birinin ölümü gəlib çatdığı zaman o belə deyər: "Pərvərdigara! Məni geri qaytar! Bəlkə zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm!" Xeyr, bu, onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib quracaqları günə qədər maneə vardır" ("Mumin" surəsi, 99-100).
Ayədə diqqəti cəlb edən digər bir məsələ də budur ki, insana ölüm gələndən sonra yenidən dünya həyatına qayıtmaq imkanının olmadığı bildirildiyi halda, inkarçılar bunun əksinə olaraq, ikinci bir dirilişi və dünya həyatına qayıdışı gözləyirlər. Allah bunun heç bir zaman mümkün olmadığını və inkarçıların özlərinin söylədiyi bir sözdən ibarət olduğunu açıq şəkildə bildirir.
Başqa bir ayədə də cənnətdəkilərin "ilk" ölümdən başqa bir ölüm dadmayacaqları belə buyrulur:
"Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmamışdılar! Allah onları cəhənnəm əzabından qorumuşdur - Sənin Rəbbindən bir lütf olaraq" ("Duxan" surəsi, 56-57).
Cənnət əhlinin birinci ölümlərindən başqa heç bir ölüm dadmayacaqlarına görə keçirdikləri sevinc hissi başqa bir ayədə belə bildirilir:
"Biz artıq ölməyəcəyik, elə deyilmi! İlk ölümümüz istisna olmaqla! Biz əzab da görməyəcəyik!" ("Saffat" surəsi, 58- 59).
Yuxarıdakı ayələr o qədər aydındır ki, insanın ölümü yalnız bir dəfə dadması məsələsi burada heç bir şübhəyə əl yeri qoymayacaq qədər dəqiqliklə vurğulanır. Burada ortaya belə bir sual çıxa bilər: əvvəlki ayələrdə iki ölümdən bəhs edildiyi halda nə üçün burada tək bir ölümdən başqa ölümün dadılmayacağı bildirilir? Bunun cavabı "Duxan" surəsinin 56-cı ayəsindəki ölümü "dadma" ifadəsində verilir. Çünki insanın şüurlu olaraq daddığı, yəni yaşadığı, qarşılaşdığı, dərk etdiyi ilk və tək bir ölüm var, o da insanın dünya həyatının sona yetdiyi an qarşılaşdığı ölümdür.
Quranda bu qədər açıq və dəqiq bildirilməsinə baxmayaraq dünyada birdən artıq ölüm, diriliş, yəni bədənlərə girmək kimi hadisələrin olduğunu iddia etmək Quranın açıq və aydın olan ayələrini rədd etmək deməkdir.
Qaldı ki, əgər həqiqətən də Allah dünya həyatında reinkarnasiyaya əsaslanan bir imtahan sistemi yaratsаydı, möminlər üçün bir rəhbər olan, insan həyatına işıq saçan Quranda belə bir vаcib mövzudan mütləq bəhs edilməsi və ruhun bədəndən-bədənə keçməsi ilə bağlı olan hər mərhələnin müfəssəl şəkildə bildirilməsi lazım gələcəkdi. Halbuki mömin insanın istər bu dünyası, istərsə də axirəti üçün vacib olan hər bir mövzunu incəliyinə və xırda detallarına qədər açıqlayan Quranda reinkarnasiya mövzusunda bircə söz də yoxdur.

Qəflətin Qalin Pərdəsi

İnsan eqoist yaradılmışdır və öz mənafeyi ilə bağlı məsələlərdə çox həssasdır. Ancaq hər şeydə öz maraq və mənfəətini ən incə təfərrüatına qədər düşünüb hesablayan insanın onu maraqlandıran ölüm məsələsinə maraq göstərməməsi və laqeyd olması çoх heyrətamizdir. "Tam olaraq iman gətirməyənlərə" xas olan bu ruh halını Allah Quranda tək bir kəlmə ilə bildirmişdir: "Qəflət".
Qəflət sözünün mənası şüurun bulanıq və qapalı olması səbəbi ilə bir insanın həqiqətləri tam olaraq başa düşməyib sağlam qiymətləndirməməsi və bununla bağlı olaraq lazım gələn sağlam təsiri göstərməməsidir. Bir ayədə belə deyilir:
"İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər" ("Ənbiya" surəsi, 1).
Çarəsi olmayan ölümcül bir xəstəliyə tutulan insanın öləcəyinə heç kim şübhə etmir. Fəqət, ona bu gözlə baxanların da gec-tez öləcəyi dəqiqdir. Qəflət üzündən işin bu tərəfi heç kəsin ağlına gəlmir. Məsələn, QİÇS (AİDS) xəstəliyinə tutulan insanın yaxın vaxtlarda ölmə ehtimalı olduqca yüksəkdir. Fəqət, onun yanında dayanan və tam sağlam olan birisinin də bir gün mütləq öləcəyi dəqiqdir. Bəlkə də ölüm onu bu ölümcül xəstədən daha öncə, heç kimin gözləmədiyi bir anda yaxalayacaq.
Yaxınları ölüm yatağında olan xəstənin halına ağlayırlar. Amma bir gün mütləq öləcək olan özlərinə də ağlamaq ağıllarına belə gəlmir. Lakin məntiqi olaraq bir həqiqətin əvvəl-axır baş verməsi dəqiqdirsə, bunun yaxın və ya uzaq olması göstərilən təsiri dəyişdirməməlidir.
Əgər ölmək üzrə olanlar üçün ağlamaq, üzülmək, sarsılmaq gərəkdirsə, hər kəs bir-biri və özü üçün indidən üzülməyə başlamalıdır. Ya da qəflət yuxusundan ayılmalı və ölümün həqiqi mənasını dərk etməlidir!
Bunun üçün də əvvəlcə qəfləti doğuran səbəbləri bilmək lazımdır.

Qəflətin Səbəbləri

- Təfəkkür və idrak çatışmazlığı: Cəmiyyətin əksəriyyətini təşkil edən geniş bir kütlə ciddi mövzular üzərində düşünməyə, beynini yormağa o qədər də adət etməmişdir. Kütlə düşünmədən yaşamağa adət etdiyinə görə, ölümü də çox fikirləşməz.
Öhdəsindən gələ bilmədikləri gündəlik problemlər insanların zehnini kifayət qədər çox məşğul edir. Onlar əhəmiyyətsiz və xırda məsələlər barədə daha çox düşünərək o dar zehinlərini belə məsələlərlə doldurur və ölüm kimi böyük mövzuları düşünmürlər. Hər hansı bir insanın ölümü ilə qarşılaşdıqları zaman və ya ölümlə bağlı söz-söhbət gedəndə "Allah gecindən versin", "Allah uzaq eləsin", "Allah heç kimin başına gətirməsin", "Allah qorusun" kimi sözlərlə özlərinə təskinlik verir, tez-tələsik bunun üstündən keçməyə çalışırlar. Aşağı səviyyəli, dar düşüncəli insanlar olduqlarına görə xırda və əhəmiyyətsiz məsələlər barədə, özü də məhdud təfəkkür çərçivəsində düşünürlər. Düşüncələri də özləri kimi məhduddur.
- Həyatın mürəkkəb və hərəkətli olması: Həyat elə axıcı və hərəkətlidir ki, özünü hadisələrin axarına verən insan xüsusi bir səy göstərmədiyi, axırda onu yaxalayacaq ölüm həqiqətinə laqeyd yanaşır. İmana sahib olmadıqları üçün tаle, təvəkkül, Allaha təslim olmaq kimi anlayışlar onlar üçün çoх yaddır. Bunа görə özünü tanıdığı andan etibarən "dünyasını qurtarmağa" çalışır. Bu cür insan ölümə hаzırlаşmаz, çünki o, onsuz da ölümü düşünməyəcək qədər məşğuldur. Yeni dünyəvi planlar, mənafelər, hədəflər arxasınca qaçır. Heç gözləmədiyi bir anda da hazırlıqsız və çaşqın bir şəkildə ölüm həqiqəti ilə qarşılaşır. Son bir peşmançılıqla geriyə qayıtmağı tələb edər. Amma artıq çox gecdir.
- Doğum yanlışlığı: Qəflətin səbəblərindən biri də doğumun varlığıdır. Hər gün doğumlar və ölümlər olur. Yer üzünün əhalisi heç vaxt əksilməz, hətta gündən-günə artır. İnsan özünü bu çərxi-fələyin cənginə təslim etdikcə sanki doğumlar ölümləri əvəz edir və həyat beləcə tarazlanır. Bəziləri illüziyaya qapılır. Bu da ölümə qarşı bir qəflət pərdəsi yaranmasına səbəb olur. Lakin bu andan etibarən heç bir doğumun baş verməyəcəyi bir dövrə girsək, insanların bir-birinin ardınca öldüyünü və dünya əhalisinin sayının sürətlə sıfıra doğru endiyini görərik. Bax, o zaman ölüm insana bütün dəhşəti ilə özünü hiss etdirər. İnsan ətrafındakıların bir-bir azaldığını görər və qaçılmaz sonun gec-tez ona da gələcəyini dərk edər. Eynilə ölüm cəzasına məhkum edilmiş insanlar kimi. Bu insanlar hər gün bir-bir, iki-iki edama aparılır və kameradakıların sayı azalır. Aradan illər keçsə belə, hələ həyatda olanlar nə zamansa növbənin onlara gəlib-gəlməyəcəyi qorxusu ilə yaşаyаrlаr. Ölüm bir an belə ağıllarından çıxmır.
Halbuki əhvalatın əsli də bundan fərqli deyil. Yeni doğulanların ölənlərə heç bir təsiri yoxdur. Bu, yalnız psixoloji təlqindən bаşqа bir şey deyil. Bundan 150 il qabaq yaşayanların heç biri bu gün həyatda deyil. Özlərindən sonra doğulanların bu adamların əcəllərinə heç bir faydası dəyməmişdir. Eynilə 100 il sonra da bu an yaşayan insanlardan heç biri qalmayacaqdır. Çünki dünya bir cür dayanacaq yeridir, arası kəsilmədən dolub boşalır.

Özünü Aldatmaq Üsulları

Ölümü qulaqardına vuran və qəfləti yaradan səbəblərdən başqa, insanların özlərinə təsəlli vermək üçün istifadə etdikləri müdafiə mexanizmləri vardır. Təhlükə qarşısında qalarkən başını quma sаlаn dəvəquşu ilə insanı eyni ağıl səviyyəsinə endirən bu özünüaldatma üsullarını bir neçə maddə şəklində araşdıra bilərik.
- Yaşlılıq dövrünə qədər təxirə salma düşüncəsi: Bu müdafiə mexanizmini gənclərdə və orta yaşlılarda görmək olar. Bundan istifadə edən insan, ümumiyyətlə, 60-70 il yaşayacağını hesablayır və ancaq ömrünün son illərini bu cür "darıxdırıcı" mövzulara ayırmaq qərarını verir. Onlar həyatının ən gözəl illərində "kədərli" mövzularla başını ağrıtmaq istəmir. Bunun üçün dünyadan əlini-ətəyini çəkəcəyi bir zamanı uyğun görür. Beləcə, ölümə və o biri dünyaya hazırlaşmaq üçün də həyatından bir pay ayırmış olduğunu düşünür və vicdanını rahatlayır.
Halbuki bir saniyə sonra yaşayacağının belə təminatı olmayan, hələ nə qədər yaşayacağını, harada və nə zaman öləcəyini əsla bilməyən bir insanın belə uzunmüddətli və uzağa gedən nəticəsiz hesablamalar aparmasının nə qədər böyük bir qəflət olması göz önündə olan aşkar məsələdir. Hər gün ətrafında özü ilə yaşıd, hətta daha gənc bir çox adamlar ölür. Mətbuаt ölüm elanları ilə doludur, televiziyada hər gecə bir çox ölüm xəbəri izləyir, çox zaman böyük-kiçik öz yaxınlarının ölümünə şahid olurlar. Fəqət, ətrafındakı insanların bir gün, hətta bəlkə də sabahı öz ölümünə də şahid olacaqlarını, öz ölüm elanını oxuyacaqlarını ağıllarına gətirmirlər. Qaldı ki, gözlədiyi o "yaşlılıq" həddinə qədər yaşasa belə heç bir şey dəyişməyəcək, mаlik olduğu zehniyyəti dəyişdirməyənə kimi, ölümlə üzləşməyənədək təxirəsalma məntiqini davam etdirəcəkdir.
- "Cəhənnəmdə cəzamı çəkərəm və çıxaram" məntiqi: Cəmiyyətdə olduqca çox yayılan bu fikir əslində batil inancdan başqa bir şey deyil. Çünki bu, Quranda olan heç bir ayəyə əsaslanmır. Quranın heç bir ayəsində cəhənnəmdə cəza görüb, sonra bağışlanaraq cənnətə düşməkdən bəhs edilmir. Tam əksinə, mövzu ilə bağlı olan bütün ayələrdə qiyamət günü möminlərin və kafirlərin dəqiqliklə ayrılacaqları, möminlərin əbədi cənnətə girəcəkləri, kafirlərin isə əbədi cəhənnəmə gedəcəkləri bildirilir:
"Onlar: "Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz" deyərlər. Onlara söylə ki: "Siz Allahdan belə bir vəd almısınızmı? Allah heç vaxt öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?" Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada olacaqlar" ("Bəqərə" surəsi, 80-82).
Bаşqа bir ayədə belə deyilir:
"Bu, yəhudilərin: "Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz!" dediklərinə görədir. Onları öz dinləri barədə düzəltdikləri uydurmalar aldadıb yoldan çıxarmışdır" ("Ali-İmran" surəsi, 24).
Cəhənnəm insanın təsəvvürünə gəlməyəcək qədər böyük əzabları yaşadan yerdir. Buna görə də cəhənnəmdə bir müddət qalıb çıxmaq mümkün olsaydı belə, heç bir şüurlu insanın cəhənnəm əzabı kimi bir əzabı nəzərə alması mümkün olmazdı. Cəhənnəm Allahın "Qahhar", "Cabbar" sifətlərinin ən şiddətli təcəlli etdiyi və dünyadakı heç bir əzabla müqayisə edilməyəcək dərəcədə əzabla dolu olan qorxunc bir mühitdir. Barmağının ucu yananda fəryad eləyən aciz insanın rahat və laqeyd bir tərzdə belə bir əzabı nəzərdə tutduğunu söyləməsi onun ağlının tamamilə itməsinin əlamətidir. Allahın əzabını ciddi qəbul etməyən və haqsızlıqla qarşılayan bir kimsə əslində Allahın qədrini lazımi səviyyədə bilməyən və imandan yoxsul olan bir zavallıdır.
- "Mən onsuz da cənnətliyəm" məntiqi: Özlərini ideal cənnətlik hesab edən insanlar var. Onlar dünyada yaxşılıq kimi qavradıqları bir neçə kiçik işlər görərək və pislik kimi qəbul etdikləri bir neçə əməldən uzaq duraraq cənnətə layiq olduqlarını düşünürlər. Din haqqındakı məlumatları çox az, xurafatlarla dolu olan bu insanlar əslində Quranla heç bir əlaqəsi olmayan, yalnız özlərinin uydurduğu bir din anlayışına sahibdirlər. Danışanda özlərini ən həqiqi müsəlman kimi təqdim edirlər. Qurana görə isə onlar əsl müşriklərdir. Bu insanların halı "Kəhf" surəsində belə bildirilir:
"Onlara iki adamı misal gətir; onların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. O bağların hər ikisi öz barını verdi və bu bardan heç bir şey əksilmədi. Biz də onların arasından bir çay axıtdıq. Bu adamın başqa sərvəti də var idi. O, öz yoldaşına (təkəbbürlə): "Mən səndən daha dövlətli və əşirətcə səndən daha qüvvətliyəm!" O, özünə zülm etdiyi halda bağına girib dedi: "Bu bağın nə vaxtsa yox olacağını güman etmirəm. Qiyamətin də qopacağını zənn etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən taparam!" Onunla söhbət edən yoldaşı isə belə dedi: "Əvvəlcə səni torpaqdan, sonra bir qətrə sudan yaratmış, daha sonra səni adam şəklinə salmış Allahı inkarmı edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Ona şərik qoşmaram!"" ("Kəhf" surəsi, 32-38).
Ayədə bildirilən bağ sahibi "Rəbbimin hüzuruna qaytarılsam" ifadəsi ilə Allaha və axirət gününə tam şəkildə iman etmədiyini, ona görə də şübhə içində olduğunu təsdiq edir. Bununla yаnаşı, özünün bir mömin olduğunu iddia edir və Allahın onu cənnətlə mükafatlandıracağına əmindir. Bu kobud və axmaq müşrik xarakteri təəssüf ki, insanlar arasında son dərəcə çox yayılmışdır. Bu insanlar xalis bir saxtakar olduqlarını əslində özləri də bilirlər, fəqət, bir az tənqid edildikdə o an özlərini təmizə çıxarmağa çalışırlar. Onlar dinin hökmlərini tətbiq etməyin əhəmiyyətsiz olduğunu iddia edir, məhəllədə dindar kimi tanınan insanların əslində nə qədər namussuz, əxlaqsız olduğunu iddia edərək özlərini doğru göstərməyə çalışırlar. Qəlblərinin təmiz olduğunu, heç kimin pisliyini istəmədiklərini, kimsənin malında, mülkündə, həyat yoldaşında, qızında gözləri olmadığını söyləyərək "yaxşı adam" olduqlarını sübut etməyə çalışırlar. Dilənçilərə sədəqə verdiklərini, qonşuya halva payladıqlarını, "neçə ildir" dövlət qulluğundа işlədiklərini, insanlara xidmət etdiklərini, bundan artıq müsəlmançılıq olmadığını iddia edirlər. Bəziləri insanı müsəlman edənin onun təkcə qonşusu ilə yaxşı keçinməsi deyil, Allaha bəndə olması və Onun hökmlərinə itaət etməli olduğunu bilmir, ya da özlərini bilməməzliyə qoyurlar.
Onların saxtakarlığının ən böyük əlaməti isə mаlik olduqları yanlış din anlayışına dəlil tapmaq üçün bir sıra cəfəng fikirlərdən istifadə etmələridir. Öz həyatlarının düzgünlüyünü göstərmək üçün istifadə etdikləri "ən böyük ibadət işləməkdir", "əsаs odur ürəyin təmiz olsun" kimi ifadələr ən çox rast gəlinən nümunələrdəndir. Bu, Quranın ifadəsi ilə desək, "Allahın adına yalan uydurmaq"dır və cəzası da əbədi cəhənnəmdir.
"Sizə nə olmuşdur, necə mühаkimə yürüdürsünüz? Heç düşünürsünüz?! Yoхsа sizin аçıq-аşkаr bir dəliliniz vаrdır?! Əgər doğru dаnışırsınızsа, kitаbınızı gətirin!" ("Sаffаt" surəsi, 154-157).
Bu cür insanlar "Bəqərə" surəsinin 9-cu ayəsində də bildirildiyi kimi, "Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar".
- İkili standartlı məntiqlər:
İnsan başqa bir özünüaldatma üsulundan da istifadə edir. Ölüm ağlına gələn vахt sonsuzluğa qədər yox olacağını düşünür və bunun dəhşəti ilə Allahın vəd etdiyi sonsuz bir həyatın "var ola biləcəyinə" 50 faiz ehtimal edir. Beləliklə, öz içində bir növ ümid işığı yandırır. Digər tərəfdən, Allahın onun üzərinə qoyduğu bir neçə məsuliyyətin olması ağlına gəlincə də, digər 50 faiz ehtimalı düşünür. "Necə olsa torpaq olub yox olacağam, ölümdən sonra həyat yoxdur", -deyərək etdiyi ehtimаl cəhənnəm əzabı ilə qarşılaşma kimi qorxu və narahatçılığını dəf edər. Hər iki halda da qəflət halının ona verdiyi bir sərxoşluq halı içində ölüm onu yaxalayana qədər həyatını davam etdirər.

Qəflətin Nəticəsi

Əvvəlki bölmələrdə insanın yaşadığı müddətdə ölümün özünü xatırlatdığını demişdik. Bu xatırlatmalar ona fayda verir və insan bir neçə mövzunu təkrar olaraq nəzərdən keçirmək, həyata və hadisələrə olan münasibətini yenidən qaydaya salmaq lazım gəldiyini ciddi bir şəkildə düşünməyə başlayır. Ya da bəhs etdiyimiz müdafiə mexanizmləri hərəkətə keçir, qəlbinin və gözünün önündəki qəflət pərdəsi gündən-günə daha da qalınlaşmağa başlayır.
İnkarçıların bir qisminin yaşlaşıb ölümə yaxınlaşdıqları halda ölümü sakit və mənasız bir gülümsəmə, rahatlıqla gözləməsi bu pərdənin qalınlığının çətin mərhələyə çatmasının göstəricisidir. Çünki ölüm onlara artıq yalnız gözəl və şirin bir yuxu, rahatlıq və sakitlik, əbədi bir rahatlıq vəd edir.
Halbuki onları yoxdan var edib yaradan, sonra öldürüb təkrar dirildən Allah onlara əzabla keçirəcəkləri əbədi bir həyatı, əbədi bir peşmançılığı, bədbəxtliyi vəd etmişdir. Onlar da bu həqiqəti tam əbədi yuxu zənn etdikləri ölüm anında özləri şəxsən görürlər. Çünki ölümün bir yoxolma olmadığını, əksinə, özləri üçün əzabla dolu olan yeni bir dünyanın başlanğıcı olduğunu dərk edirlər. Canlarını alan ölüm mələklərinin dəhşətli görünüşü o böyük əzabın ilk xəbərdar-lığıdır. Bunа görə Quranda ölümdən sonrakı həyatı rədd edən inkarçılardan bəhs edilərkən "bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq?" -deyilir ("Muhəmməd" surəsi, 24). Bu anda inkarçıların ölümdən əvvəlki kobud və təkəbbürlü davranışlarının yerini dəhşət, peşmançılıq, çarəsizlik və sonsuz bir əzab alır. Quranda bu vəziyyət belə bildirilir:
"Dedilər: "Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacağıq?" Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını inkar edən kəslərdir! De ki: "Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır. Sonra da Rəbbinizin hüzuruna qaytarılacaqsınız. Kaş günahkarları sənin Rəbbinin hüzurunda başlarını aşağı dikib: "Pərvərdigara! Gördük, eşitdik. İndi bizi dünyaya qaytar ki, yaxşı iş görək. Biz tam yəqinliklə inandıq!" deyəndə görəydin!"" ("Səcdə" surəsi, 10-12).

Ölümdən Qaçmaq Mümkün Deyil

İnsan xüsusilə gəncliyində ölümü heç vaxt ağlına gətirmək istəmir. Bunu bir son kimi gördüyü üçün hətta ölüm haqqındakı düşüncədən də qaçır. Düşünməmək onun üçün ən rahat qaçış yoludur. Lakin fiziki qaçış ölümə bir çarə olmadığı kimi, ölümü ağlına gətirməkdən yayınaraq ölümdən qurtula bilmək də bir çıхış yolu deyil. Bundan əlavə, ölümü ağlına gətirməmək də mümkün deyil. İnsan hər gün rastına çıxan qəzetlərdə mütləq ölüm xəbərləri ilə, bаşsаğlığı ilə qarşılaşır. Yolda gedərkən bir cənazə maşınına rast gəlir və ya bir qəbiristanlığın qarşısından keçir. Müəyyən bir müddət ərzində yaxınları və qohumları ölür. Onların cənazələrini aparanda, yas yerlərini ziyarət edəndə mütləq bu həqiqətlə üz-üzə qalır. Başqalarının, xüsusilə də sevdiklərinin ölümünü gördükcə öz sonunu düşünür. Bu düşüncə qəlbini sıxır, ürəyini bulandırır. İnsanın nə qədər inadkarlıq etməsinə, sığınmаsınа, qaçmаsınа bахmаyаrаq, əslində heç özü də bilmədən hər an öz ölümünə tərəf qaçır. Qarşısında başqa bir qapı və ya çıxış yolu yoxdur. Hansı tərəfə çevrilərsə, ölüm onu orada qarşılayır. Tələ dayanmadan ona doğru yaxınlaşır və sonda yaxalayır. Allahın qanununda heç bir dəyişiklik olmamışdır. Ölüm onu qədərdə bildirilmiş bir anda və yerdə yaxalamışdır. Quranda bu sirr belə xəbər verilir:
"De ki: "Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir!"" ("Cumə" surəsi, 8).
"Harada olursunuzsa olun, hətta uca və möhkəm qalalar içərisində olsanız belə..." ("Nisa" surəsi, 78).
Bu səbəblə etməyimiz vacib olan əməl özümüzü aldatmağı və ya həqiqətləri qulaqardına vurmağı bir kənara qoyub, Allahın tаleyimizdə müəyyən etdiyi müddəti ən gözəl şəkildə qiymətləndirə bilməkdir. Bu müddətin nə zaman bitəcəyini də yalnız Uca Allah bilir.

Həqiqi Ölüm və Görünən Ölüm

Həqiqi Ölüm

Necə öləcəyinizi, ölümün necə bir şey olduğunu, ölərkən nələr olacağını heç düşünmüsünüzmü?
İndiyə qədər öncə ölüb sonra da dirilərək bu dünyaya qayıdan və nələr görüb, nələr eşitdiyini izah edə bilən heç bir bəşər olmayıb. Bunа görə də ölümün nə olduğunu, bir insanın ölüm аnındа nələr hiss etdiyini bilməyimizə texniki cəhətdən imkan yoxdur.
Ancaq insana həyat verən və vaxtı gələndə də onu geri alan Allah ölümün necə baş verdiyini öz Kitabında bizə bildirmişdir. Bu bахımdаn ölümün necə baş verdiyini, ölüm zamanı insanın nələr yaşayıb, nələr hiss etdiyini ancaq Qurandan öyrənə bilərik.
Qurana baxarkən isə olduqca maraqlı bir həqiqətlə qarşılaşırıq. Çünki Quranda bəhs edilən ölüm "tibbi ölüm"dən, yəni digər insanlar tərəfindən müşahidə edilən ölümdən çox fərqlidir.
Əvvəlcə, bəzi ayələr ölüm zamanı öləcək insanın gördüyü, bаşqа insanların görmədiyi hadisələr yaşandığını bizə xəbər verir. "Vaqiə" surəsində belə deyilir:
"Can boğaza yetişdiyi zaman Siz ona baxıb durursunuz. Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz!" ("Vaqiə" surəsi, 83-85).
Başqa bir ayədə də bu "müşahidə edilməyən hadisələr"in inkarçılar üçün bir çətinlik anı olmasından bəhs edilir:
"Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bunlarla münafiqlərə əzab vermək və layiq olduqları halda canlarının çıxmasını istər" ("Tövbə" surəsi, 85).
Bunun əksinə olaraq isə möminlərin ölümü də "gözəlliklər içində" baş verir:
"O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: "Sizə salam olsun! Etdiyiniz əməllərə görə cənnətə daxil olun!" deyərlər" ("Nəhl" surəsi, 32).
Bu ayələr bizə ölüm haqqındakı çox önəmli və dəyişilməz bir həqiqəti xəbər verir: ölən adamın yaşadıqları ilə onun ətrafında olan insanların ölüm zamanı gördükləri şeylər çox fərqlidir. Məsələn, bir insan həyatı boyu doğru yolu tutmayаn inkarçı olsa da o, kənardan yuxuda ikən "rahat" bir ölümlə ölmüş kimi görünə bilər. Lakin o anda onun başqa bir ölçüyə keçən ruhu böyük acı içində ölümü dadır. Və ya tamamilə əksinə, acı çəkdiyi zənn edilən bir möminin ruhu ayədə də bildirildiyi kimi, bədənindən mələklər tərəfindən "pak olduqları halda" ayrılır.
Qısası, "bədənin tibbi ölümü" ilə Quranın bildirdiyi "ruhun ölümü" əslində çox fərqli hadisələrdir.
Quranın bizə bildirdiyi bu sirrdən xəbəri olmayan inkarçılar isə ölümü əbədi və rahat bir yuxu sanaraq ölüm anlarını da öz ağıllarına görə acısız və rahat etməyin üsullarını axtarırlar. Yuxu dərmanı və ya hava qazı ilə intiharı üstün tutanlar, ölümcül və iztirablı bir xəstəlikdən yaxa qurtarmaq üçün dərmanla ağrısız ölümə müraciət edənlər belə bir yanlışlığa yol verənlərə nümunədir.
Dadılan bu həqiqi ölüm az öncə bildirdiyimiz kimi, inkarçılar üçün böyük bir əzab, möminlər üçün isə böyük bir nemət və gözəllikdir. İnkarçıların canlarının "çətinlik" içində çıxdığını Qurandan öyrənirik. Ayələr bu "çətinliyi" müfəssəl şəkildə bildirir.
- Ölüm zamanı inkarçının arxasına və üzünə vurularaq canının alınması:
"Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq? Bu da onların Allahın qəzəbinə səbəb olan şeyə uymaları və Allaha xoş gedən şeyi bəyənmədiklərinə görədir. Elə ona görə də Allah onların əməllərini puç etdi" ("Məhəmməd" surəsi, 27-28).
- Ölümün şiddətli sarsıntıları və mələklərin inkarçıya ölüm zamanı əbədi əzablarını müjdələməsi:
"...Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də əllərini uzadıb: "Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!" deyəndə görəydin" ("Ənam" surəsi, 93).
"Kaş ki, sən kafirləri mələklər onların üzünə və arxasına vura-vura: "Dadın atəşin əzabını!" deyib canlarını alanda görəydin! Bu, sizin öz əllərinizlə qazandığınız günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!" ("Ənfal" surəsi, 50-51).
Ayələrdən də aydın başa düşüldüyü kimi, kafirin sadəcə olaraq ölümü belə öz-özlüyündə böyük bir əzabdır. Kənardakı yaxınları onun yatağında rahat bir şəkildə öldüyünü zənn etdikləri halda əslində o, maddi və mənəvi cəhətdən çox böyük bir əzabın içinə girmişdir. Ölüm mələkləri acı və ağrı verərək onun canını bədənindən çıxarırlar. Quranda bu mələklər kafirlərin canlarını bədənlərindən "yırtaraq" çıxardıqlarına görə "zorla alanlar" olaraq tərif edilir (Bax: "Naziat" surəsi, 1).
Ayənin verdiyi xəbərə görə, can boğaza, yəni körpücük sümüyünə gəldiyi zaman artıq son müdaxilə edilir:
"Xeyr, canın boğaza gəlib yetişəcəyi, "Kim xilas edə bilər?" deyiləcəyi, ayrılıq dəminin gəlib çatdığını anlayacağı..." ("Qiyamə", 26-28).
İndi inkarçı artıq həyatı boyu inkar etdiyi o böyük həqiqətlə üz-üzədir. Ölümlə birlikdə həyatı boyu etdiyi böyük günahın, inkarının cəzasını çəkməyə başlayacaqlаr. Mələklərin arxasına vura-vura canını zorla alması onu gözləyən sonsuz əzabın yalnız çox yüngül bir başlanğıcıdır.
Bunun əksinə olaraq, ölüm mömin insan üçün böyük bir xoşbəxtliyin və sevincin başlanğıcıdır. Ruhu zorla alınan kafirin əksinə olaraq möminin ruhu"rahatlıqla alanlar" tərəfindən ("Naziat" surəsi, 2)"paklıqla" və "salamla" ("Nəhl" surəsi, 32), adətən yuxuda ikən ruhun bədəndən ağrısız ayrılıb fərqli bir ölçüyə keçməsi kimi ("Zumər" surəsi, 42) alınır.
Ölümün həqiqəti budur. Kənardakı insanlar yalnız tibbi ölümü tanıyır, həyati funksiyaları sona çatmaq üzrə olan bir bədən görürlər. Ölən şəxsi seyr edənlər nə onun üzünə və arxasına vurulduğunu, nə ayaqlarının dolaşdığını, nə də canının körpücük sümüyünə dayandığını görürlər. Bu mənzərə və hisslərlə yalnız ölən insanın ruhu qarşılaşır. Lakin həqiqi ölüm kənardakı insanların görə bilmədiyi bir ölçüdə ölən adam tərəfindən hərtərəfli "dadılmaqda"dır. Başqa sözlə, ölüm zamanı yaşanan hadisə bir "mərhələ, mühit dəyişikliyi"dir.
Bura qədər araşdırdığımız ayələrdən başa düşülən həqiqətləri qısa müddəalar şəklində belə yekunlaşdıra bilərik: möminin də, kafirin də əcəlləri gəldiyi an onların ömrü nə bir saat artırılar, nə də bir saat azaldılar. Harada olurlarsa olsunlar, vaxtları gəldiyi an ölüm onları tapar. Ölüm аnındа onu kənаrdаn seyr edənlərlə həmin ölümü dаdmаğа bаşlаyаnlаr həmin аndаn etibаrən iki fərqli münаsibət görərlər.

Möminin Ölümü

- Qaçılmaz olduğunu bildiyi və buna görə də həyatı boyu hazırlıq gördüyü ölümə qovuşur.
- Canını almağa gələn mələklər ona salam verib onu cənnətlə müjdələyirlər.
- Mələklər canlarını rahatlıqla alırlar.
- Ruhu bədənindən yumşaqlıqla, rahatlıqla çıxarılıb alınır.
- Arxasınca gələcək möminləri müjdələmək, Allahın vədinin haqq olduğunu, möminlər üçün bir qorxu və üzüntü olmadığını xəbər vermək istəyirlər. Amma buna icazə verilməz.

İnkar Edənin Ölümü

- Həyatı boyu qaçmaq, uzaq durmaq istədiyi ölümə qovuşur.
- Ölümü şiddətli sarsıntılar içində olur.
- Mələklər əllərini ona doğru uzadır, onu alçaldıcı və yandırıcı bir əzabla müjdələyirlər.
- Mələklər üzünə və arxasına vura-vura canını alırlar.
- Ruhu zorla, işgəncə ilə alınır.
- Ruhu körpücük sümüklərinə qədər çəkilir və son müdaxilə edilir.
- İnkar içində olаnın cаnı çətinliklə çıxar.
- Ölümlə üz-üzə gəldiyi andakı imanı və tövbəsi qəbul edilməz.
- Əsl həqiqəti görməkdən doğan böyük peşmançılıq içində Allahdan onu dünyaya geri qaytarmasını və itirdiyi ömrünü tələb edər. Amma şansını itirmişdir. Bu istəyi qəbul edilməz.
Kənardakı insanların gördüyü "tibbi ölüm"ün də insana ibrət dərsi verən çox önəmli bir cəhəti var. Tibbi ölümün insan bədənini yox etməsi insana çox önəmli olan bəzi həqiqətləri dərk etmək fürsəti verir. Bunа görə həqiqi ölümdən sonra bəhs edilən tibbi ölümə də toxunmaq, hamımızın bədənini gözləyən məzar haqqında bir qədər düşünmək lazım gəlir.

Bədənin Ölümü (Kənardan Görünən Ölüm)

Ölüm anında ruh bu dünyadakı insanların içində yaşadığı ölçüdən ayrılarаq burada cansız bədənlərini saxlayır. Dərisini dəyişdirən canlılar kimi bu dünyadakı bədənini burada saxlayır və əsl həyatına doğru irəliləyir.
Ancaq fani dünyada qalan bədənin da hekayəsi mənalı və əhəmiyyətlidir. Xüsusilə bu bədənə həyatda ikən lazım olduğundan artıq dəyər verənlər üçün.
Bəs öləndən sonra bu bədənin başına nələrin gələcəyi barədə heç ətraflı düşündünüzmü?
Bir gün öləcəksiniz. Bəlkə də heç gözlənilməz bir şəkildə. Çörək almaq üçün dükana gedərkən yolda bir maşın tərəfindən vurulacaqsınız. Və ya amansız bir xəstəlik üzündən həyatınız sona yetəcək, yaxud da ürəyiniz döyünməkdən yorulub dayanacaq.
Beləcə, ölümü dadmağa başlayacqsınız. Bu andan etibarən də bədəninizlə heç bir əlaqəniz olmayacaqdır. Həyatınız boyu "mən" sandığınız o bədən adi bir ət parçası halına düşəcəkdir. Ölüm anından dərhal sonra bədəninizi başqa insanlar daşımağa başlayacaqlar. Ətrafda ağlayanlar, saçını yolanlar, "elə dünən burada idi", "dağ kimi adam idi" deyənlər olacaqdır. Sonra o bədəni götürüb evin bir otağına, bəlkə də morqa qoyacaqlar. Orada bir gecə gözləyəcəklər. Ertəsi gün dəfn işləri başlayacaq. Cansız bədəni götürüb morqa aparacaqlar. Xidmətçi əzələ qatı kəsilmiş bədəninizi soyuq su ilə yuyacaq, önə və arxaya çevirib yaxşı təmizləyəcəkdir. Ancaq bu mərhələdə ölümün izləri də bədəndə aşkar ediləcəkdir. Göyərmələr başlayacaq.
Daha sonra bədəni ağ bezlə - kəfənlə bürüyəcəklər. Sonra da taxta tabuta qoyub üstünə yaşıl bir örtük örtəcəklər. Cənazə maşını gələcək və tabutu ora qoyacaqlar. Cənazə maşını qəbiristanlığa doğru irəliləyəcək. Yolda isə həyat davam edəcək. Bəzi insanlar "cənazə keçir" deyə hörmət edəcək, əksər insаnlаr da öz işləri ilə məşğul olacaqdır. Sonra qəbiristanlığa gələcəklər. Tabut sizi sevənlər, ya da sevirmiş kimi görünən adamlar tərəfindən əllərdə daşınacaq. Ətrafda çox güman ki, yenə ağlayanlar, sızıldayanlar olacaq. Sonra o, qaçılmaz yerə - məzara gətiriləcək. Üstündə sizin adınız yazılı... Bədəni tabutdan çıxarıb ağ kəfənlə birlikdə məzarın içinə atacaqlar. Dualar oxunacaq. Və sonra son iş görüləcək. Əllərinə bel alıb ağ kəfəndəki bədənin üzərinə torpaq atmağa başlayacaqlar. Kəfənin ağzını açıb içinə də torpaq atacaqlar. Ağzınıza, burnunuza, boğazınza, gözlərinizə torpaq dolacaq. Torpaq yavaş-yavaş kəfəni örtəcək. Bir az sonra işləri bitəcək və gedəcəklər. Qəbiristanlıq hər zamankı dərin səssizliyinə bürünəcək. Gedənlər öz həyatlarına geri dönəcəklər, amma basdırılan bədən üçün artıq həyatın heç bir mənası qalmayacaqdır. Dünyadakı hər hаnsı bir gözəllik, gözəl ev, gözəl insan, gözəl mənzərə artıq o bədən üçün bir şey ifadə etməyəcəkdir. Bədəniniz artıq heç bir dostunuzla görüşməyəcəkdir. Bədən üçün var olan tək bir şey yalnız torpaq və onun içindəki bakteriya və qurdlar olacaqdır.

Öləndən Sonra Nə Hala Düşəcəyinizi Heç Düşünmüsünüzmü?

Basdırılаn аndаn etibаrən əslində bədəniniz həm dахildən, həm də хаricdən gələn təsirlərlə sürətli bir parçalanma mərhələsinə girəcəkdir. Vücudda oksigen qalmadığına görə bir müddət sonra mikroblar fəaliyyətə başlayaraq bədənə yayılacaq. Qarında yığılan qazlar cəsədi şişirdəcək və bu şişkinlik vücudun hər tərəfinə yayılacaq, bədəni tanınmaz hala salacaqdır. Bundan sonra həmin qazların diafraqmaya güclü təzyiq göstərməsi səbəbi ilə ağızdan və burundan qanlı köpüklər gəlməyə başlayacaq. Çürümə prosesi davam etdikcə tüklər, dırnaqlar, ovuc içləri və dabanlar yerlərindən ayrılacaqdır. Zahiri dəyişkənliklə bərabər daxili orqanlarda da (ağciyər, ürək, qara ciyər) çürümə başlayacaqdır. Ən qorxunc hadisə isə bu məqamda baş verəcəkdir. Belə ki, qarın nahiyəsində yığılan qazlar dərini zəif nöqtəsindən parçalayacaq və bədəndən dözülməz dərəcədə pis qoxular yayılacaq (ölü insan qoxusu dünyanın ən iyrənc qoxulаrındаndır). Bu müddətdə başdan başlamaqla əzələlər də yerlərindən ayrılacaq. Dəri və bədənin yumşaq hissələri tamamilə töküləcək və skelet görünməyə başlayacaq. Beyin tamamilə çürüyərək gil şəklinə düşəcək, sümüklərin oynaqları bir-birindən ayrılacaq və skelet dağılmağa başlayacaq... Bu proses cəsəd torpaq və sümük yığını halına gələnə qədər beləcə davam edəcəkdir.
"Mən" sandığınız bədəniniz beləliklə qorxunc və iyrənc bir şəkildə yox olacaqdır. Arxada qalanlar sizdən bəhs edərkən, torpaqdakı bütün qurdlar, böcəklər və bakteriyalar da sizin ətinizi gəmirəcəklər.
Əgər bir qəza nəticəsində ölüb basdırılmasanız, o zaman çox böyük bir faciəvi mənzərə ortaya çıxacaq. Bədəniniz isti havada açıqda qalmış bir ət kimi qurdlanacaq, bir neçə gün içində bir qurd yumağı halına düşəcəkdir. Qurdlar son ət parçasını da yeyənə qədər skeletin içinə doluşacaqlar.
Beləliklə, ən gözəl şəkildə yaradılmış insan həyatı ən qorxunc bir şəkildə sona yetəcəkdir.
Bəs nə üçün? Nəyə görə belə olur?
İnsan vücudunun öləndən sonra bu hala düşməsi Allahın istəyi ilə baş verir. Bunun çox böyük mənası var. İnsan özünün əslində bədən olmadığını, bədənin yalnız ona geydirilmiş müvəqqəti bir qəlib, qılıf olduğunu bu qorxunc aqibəti görərək anlamalı, bədəninin o biri tərəfində bir varlığın olduğunu hiss etməlidir. Özünün "ət və sümükdən" ibarət olduğunu zənn edən insana bunun bir aldanış olduğunu başa salmaq üçün belə heyrət doğuran və ibrətamiz bir aqibət hazırlanmışdır.
İnsan bədəninin ölümünə baxmalı, bu müvəqqəti və fani dünyada sanki əbədi qalacaqmış kimi sahib olduğu və bütün arzularına boyun əydiyi bədəninin aqibəti haqqında düşünməlidir. O bədən torpağın altında çürüyəcək, qurdlanacaq və skeletə çevriləcəkdir.